İNFRASTRUKTUR

BAKU SPORTİNG ARENA
Azərbaycanda idmana, xüsusən də futbola sevgi insanların ürəyindən gəlib. Bakının Buzovna qəsəbəsi də futbolun ən çox sevildiyi, baxıldığı, oynanıldığı qəsəbə kimi tanınıb. Bu qəsəbədə böyüklü-kiçikli hamı bu oyunun pərəstişkarı olub. Kimi məktəb stadionlarında, kimi məhəllədə, kimi isə dəniz kənarında futbol oynayıb.
Qəsəbə sakinlərinin bu sevgisi də dəyərləndirilib. Sovet hakimiyyəti dönəmində, 1957-ci ildə Buzovnada 5000 tamaşaçı tutumu olan olan “Gənclik” stadionu tikilib. Qəsəbənin “Gənclik” adlanan ilk futbol klubu da 1974-cü ildə yaradılıb.
1990-cı illərdə “Gənclik” klubu dağılıb və onun bazasında “Xəzri-Eltac” futbol klubu yaradılıb. “Xəzri” komandasının ilk məşqçisi Məsud Əliyev olub. Elə komandanın “ev” görüşləri də “Gənclik” stadionunda keçirilib. Komanda tarixi boyu Azərbaycan çempionatlarında bir gümüş və bürünc medal qazana bilib. “Xəzri” klubu hətta Azərbaycanı UEFA Kubokunda da təmsil edib. Ancaq 1997-ci il mayın 28-də “Xəzri” böyük hesabla məğlub olduqdan sonra dağılıb. Elə həmin vaxtdan da “Gənclik” stadionu sözün əsl mənasında “yetim” qalıb. O dönəmdə bu stadionunun UEFA tələblərinə cavab verəcək qədər tərtibatı var idi. Əsas meydança ilə yanaşı, kompleksin ərazisində 2 yardımçı meydançada vardı. 1997-ci ildən sonra stadion uşaqların top qovduğu meydançaya çevrilib və baxımsızlıqdan dağılmışdı. Ta ki Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və “Baku Sportinq” FK can verən stadionu həyata qaytarana qədər. 2022-ci ildə təmirə bağlanan stadion qısa müddət ərzində müasir tələblərə cavab verən müasir “Baku Sportinq Arena”ya çevrildi.
26 ildən sonra yenilənən bu stadionda tarix yazıldı.
19 sentyabr 2024-cü ildə, tam 26 il sonra bu məkana böyük futbol qayıtdı. Belə ki, Futbol üzrə Azərbaycan Birinci Liqasının 2024/2025-ci il mövsümünün 2-ci turu çərçivəsində xeyli sayda azarkeşin izlədiyi matçda “Baku Sportinq” FK MOİK-lə üz-üzə gəldi. Komandamızı buzovnalılar bağırlarına basdı. Aradan keçən illər, futbol həsrəti “Baku Sportinq”lə sona çatdı. 26 ildən sonra komandamız yeni tarix yazdı və yazmağa davam edəcək.
Klubumuzun baş sponsoru “EL Holdinq”in, Gənclər və İdman Nazirliyinin, AFFA-nın dəstəyi ilə hazırda kompleksinin ərazisində təbii otdan ibarət əsas meydança ilə yanaşı iki yardımçı meydança da fəaliyyət göstərir. Üstəlik, 80/40 metr ölçülü bir sintetik örtülü meydança(digəri də tikilməkdədir) ilə bərabər, əla təmirli soyunub-geyinmə otaqları, tibb guşəsi, dopinq və hakimlər üçün nəzərdə tutulan otaqlar da komandaların ixtiyarındadı. Gələcəkdə “Baku Sportinq Arena”nın ərazisində futbolçuların qalması üçün çoxotaqlı kompleksin tikilməsi də planlaşdırılır.
“Baku Sportinq” FK-nın əsas məqsədi ölkə futbolunun inkişafına xidmət etməkdi. Klubumuzun bu istiqamətdə gördüyü işlərin arealı gün keçdikcə genişlənir. Artıq bu mövsümdən etibarən futbol üzrə Azərbaycan Birinci Liqasında çıxış edən komandamız məşqlərini və ev oyunlarını klubumuz tərəfindən tamamilə yenilənən Buzovna qəsəbə stadionunda( “Baku Sportinq Arena”) keçirir. Bu arenada klubumuz tərəfindən görülən işlər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin də diqqətindən kənarda qalmayıb.
Nazir Fərid Qayıbov qurumun adından “Baku Sportinq” FK-ya təşəkkürnamə ünvanlayıb.