“BAKU SPORTİNG ” FK yaradılması və fəaliyyəti
“Baku Sportinq”in əsası 2018-ci ildə qoyulub. Elə həmin il klubumuzun rəmzləri – bayrağı və gerbi yaradılıb. Bununla da, Azərbaycan futbolunda “ağ-göy” “alova” bürünən “Baku Sportinq” FK peyda oldu.
Komandanın yaradılmasının əsas səbəbi Azərbaycanda istedadlı yerli gəncləri üzə çıxarmaq, onları ölkə futboluna qazandırmaq, gələcəkdə potensiallı futbolçuların ölkə xaricində çıxış etməsini təmin etmək olub.
Klubumuz ilk addımlarını uşaq futbolunda atıb. Əvvəlcə bir yaş qrupu üzrə yeniyetmələrdən ibarət komanda təşkil edildikdən sonra, Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda müxtəlif yaş qrupları üzrə uşaqlar arasında məşqlərinin keçirilməsi təşkil edib.
“Baku Sportinq”ə kateqoriyalı məşqçilərin cəlb edilməsindən və 4 yaş qrupu üzrə uşaq komandalarının formalaşdırılmasından sonra 2019-cu ildə “Baku Sportinq”in Futbol Akademiyası təsis edilib. Məhz həmin mövsümdən etibarən isə aşağı yaş qrupları üzrə komandalarımız AFFA-nın bayrağı altında keçirilən yarışlarda iştiraka başlayıb.
2023/24-cü il mövsümündə futbol üzrə Azərbaycan İkinci Liqasında qızıl medalları qazanan “Baku Sportinq” FK AFFA-nın liseziyalaşdırma şərtlərini də yüksək səviyyədə yerinə yetirərək, Birinci Liqaya vəsiqə qazanıb.
“EL Holdinq” şirkətinin dəstəyi ilə bütün istiqamətlərdə peşəkarlaşmaya doğru addımlar atan klubumuz yarışlarda çıxışla yanaşı, infrastrukturun qurulması istiqamətində də, mühüm işlər görüb.
Klubumuzun Masazırda uşaq-futbol akademiyasının filialı açılıb. Bununla paralel, 2024-cü ildə “Baku Sportinq”in balansına verilən Buzovna qəsəbə stadionunda aparılan yenidənqurma və rekonstruksiya işlərindən sonra təbii ot örtüklü “Baku Sportinq Arena”, komandamızın yeni “yuva”sına çevrilib. Birinci Liqada komandamız rəqiblərini doğma arenada qəbul edib.
MİSSİYAMIZ VƏ DƏYƏRLƏRİMİZ
“Baku Sportinq” FK 2018-ci ildə yaradılmış, Buzovna qəsəbəsini təmsil edən futbol klubudur.
Klubun bütün fəaliyyəti onun üzvlərinin iradəsinə tabedir. Nizamnaməmizdə də təsbit edildiyi və baş sponsorumuz “EL Holdinq” şirkətinin tövsiyəsi ilə klubda idarəetmə funksiyasını 2023-cü ildən etibarən İdarə Heyəti daşıyır. İdarə heyətinin fəaliyyəti üç nəfərdən ibarət Nəzarət-Təftiş Komissiyası tərəfindən təftiş olunur və nəticəsi klub üzvlərinin ümumi müzakirəsinə (Ümumi Yığıncaq) təqdim olunur. İdarə heyəti və Nəzarət-Təftiş Komissiyası iki ildə bir dəfə klub üzvlərinin Ümumi Yığıncağı tərəfindən seçilir.
“Baku Sportinq” Futbol Klubunda istedadlı yerli futbolçuları üzə çıxarmaq konsepsiyası beş illik araşdırmaların nəticəsində formalaşdırılmışdır. Klubun əsas məqsədi yerli futbolçu bazarındakı boşluğu səviyyəli futbolçular yetişdirməklə doldurmaqdır. Klubun futbol akademiyasının əsas inkişaf meyarları məhz bu istiqamət üzərində qurulub.
Yeni yarandığı dövrdə 14 yaşlılardan ibarət yeniyetmələrdən təşkil olunan komandamız 2018/2019-cu il futbol mövsümündən etibarən, klubun inkişaf konsepsiyasına uyğun olaraq müntəzəm məşqlərlə yanaşı, yerli və xarici həmyaşıdları ilə hazırlıq matçlarında qüvvəsini sınamışdır.
Hazırda klubumuz futbol üzrə Azərbaycan Birinci Liqasında çıxış edən peşəkar komandamızın güclənməsi ilə yanaşı, əsas fəaliyyət istiqamətlərindən biri kimi futbol akademiyamızın infrastrukturunun yaxşılaşdırılması, aşağı yaş qrupları üzrə komandalarımızın sayının artırılması və peşəkar mütəxəssislərin hazırlıq qruplarına cəlb edilməsi istiqamətində mühüm işlər görür.
Baş sponsorumuz “EL Holdinq”lə əl-ələ verərək, “Baku Sportinq” Futbol Klubunun missiyası yerli və xarici futbol klublarının tələblərinə cavab verən futbolçular hazırlamaq və əsas komandamızın ifasında keyfiyyətli futbol nümayiş etdirməkdir.